İdman

gimnastikadan

başlayır

Havada “pərvazlanan”ların Bakıdakı ilk dünya birinciliyi

22 noyabr 2021

Havada “pərvazlanan”ların Bakıdakı ilk dünya birinciliyi

21 noyabrda Bakıda ilk dəfə təşkil olunmuş Batut Gimnastikası, Tamblinq və İkili mini-batut üzrə Dünya Çempionatına yekun vuruldu.

Çempionatın son günü Avropa çempionu, Dünya Yaş Qrupları Yarışlarının qalibi olan təmsilçimiz Mixail Malkinin gümüş medal qazanması ilə yadda qaldı. Mixail dünyanın ən güclü 8 tamblinçisinin mübarizəsində hakimlərdən 76.300 xal alaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəldi və bayrağımız doğma Milli Gimnastika Arenasında ucaldıldı. Birinci yerdə Rusiya Gimnastika Federasiyasının (RGF) təmsilçisi Aleksandr Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Keyden Braun (75.400 xal) qərarlaşdı.

Dörd gün ərzində baş tutmuş qadın və kişilərin fərdi və sinxron batut, tamblinq və ikili mini-batut yarışlarında final, komanda hesabı və komandaların çoxnövçülük mübarizəsində əsasən Böyük Britaniya, Yaponiya, Çin, RGF, İsveç, Belarus, Fransa, ABŞ gimnastları dünya çempionu tituluna sahiblənib.

Bu il ərzində Azərbaycanın ev sahibliyi etdiyi ikinci dünya çempionatında 33 ölkədən 250-dən çox gimnast iştirak etdi. 

Çempionatın son günü keçirilmiş bağlanış mərasimi zamanı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağı Azərbaycan tərəfindən FIG-nin prezidenti Morinari Vatanabeyə təqdim edilib. O, isə öz növbəsində həmin bayrağı batut gimnastikası üzrə növbəti dünya çempionatını təşkil edəcək Bolqarıstan tərəfinə ötürüb.

Qeyd edək ki, ölkəmizdə pandemiya dövründə təşkil edilmiş digər yarışlar kimi bu çempionat da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə baş tutdu.

Bu yarışda da karantin qaydalarına riayət olunması, insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra addımlar atıldı.

Çempionatın Yerli Təşkilat Komitəsi olaraq bu yarışların keçirilməsində əməkdaşlıq etdiyimiz müvafiq dövlət strukturları və qurumlara dərin minnətdarlığımızı bildiririk!

Qazanılmış bu uğur münasibətilə hər kəsi təbrik edirik!