İdman

gimnastikadan

başlayır

Həftəsonu 31 medal xəbəri!

03 iyun 2024

Həftəsonu 31 medal xəbəri!

Gimnastlarımız üçün olduqca uğurlu keçən yarış mövsümü davam edir. Bu dəfə də millimiz inamımızı doğruldaraq eyni gündə 3 fərqli beynəlxalq yarışdan gələn 31 medal xəbəri ilə bizi sevindirdi. 
Belə ki, 31 may - 2 iyun tarixlərində Polşanın Jeşuv şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda milli komandamızın üzvləri 1 qızıl və 2 bürünc medal qazanıblar. Rəhimov Ağasif və Seyidli Raziyədən ibarət qarışıq cütlük bütün rəqiblərini geridə qoyaraq 29,280 xalla fəxri kürsünün ilk pilləsinin sahibi olub. Digər təmsilçilərimiz Abbasov Daniel və Rəfiyev Murad (kişi cütlüyü), eləcə də Səfərov Riad, Əl-Məşayxi Abdulla, Seyidli Rəsul və Cəfərov Seymur (kişi qrupu) isə müvafiq olaraq 27,400 və 27,480 xal toplayaraq mübarizədə bürünc medal əldə ediblər. 
Eyni tarix və məkanda akrobatika gimnastikası üzrə keçirilən daha bir beynəlxalq yarışa millimiz medal qazanaraq yekun vurub. Zeyniyeva Nəzrin, Bashiri Anahita və Rəşidova Zəhradan ibarət qadın qrupumuz topladığı 28,400 xalla rəqibləri üçün əlçatmaz olublər və nəticədə qızıl medal əldə edib bayrağımızı qürurla dalğalandırıblar. Məmmədova Diana, Babayeva Safiya və Qasımzadə Firuzənin təmsil etdiyi qadın qrupu isə xanalarına yazdırdıqları 26,850 xalla fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar və beləcə, gümüş medalla təltif olunublar. 
Bundan başqa 1 və 2 iyun tarixlərində Budva şəhərində keçirilən bədii gimnastika üzrə “Montenegro Cup” adlı beynəlxalq yarışda iştirak edən milli komandamızın üzvləri 13 qızıl, 6 gümüş və 7 bürünc medal ilə yarışı uğurla başa vurublar. Böyüklər arasında Dəmirova Mədinə 3 qızıl (çoxnövçülük, lent və gürzlər), 2 gümüş (halqa və top), Cəfərova Zəhra 2 bürünc (halqa və lent) medal əldə edib. Gənclər yaş qrupu üzrə Müvəffəqi Şəms 1 qızıl (top), 3 gümüş (çoxnövçülük, gürzlər və lent), 1 bürünc (halqa), Abbaslı Mədinə 4 bürünc (çoxnövçülük, top, gürzlər və lent), Oruclu Nilufər (B kateqoriyası) 2 qızıl (halqa və top) medalla mükafatlandırılıb. Yeniyetmələr arasında Baloğlanova Məryəm 3 qızıl (halqa, top və gürzlər), 1 gümüş (gürzlər), Sadıqova Nur 4 qızıl (halqa, top və gürzlər) medal mükafatçısı kimi yarışa yekun vurub. 
Gimnastlarımızı ürəkdən təbrik edir və qarşıdan gələn yarışlarda bol uğur arzu edirik!