08 oktyabr 2021
Azərbaycanın “Gimnastika hamı üçün” növü üzrə yığma komandasının üzvləri “Qızıl Yaş” Gimnastika Festivalında iştirak ediblər.
3-8 oktyabr tarixlərində Yunanıstanın qədim və kurort şəhərlərindən biri olan Retimnoda keçirilən festivalda ölkəmizi Maya Məmmədova, Larisa Məhərrəmova, Rəna Manafova, Sevda Ramazanova, İradə Mehdiyeva və İradə Qurbanovadan ibarət “FLAME” komandası təmsil edib.
Təmsilçilərimizin iki janra aid musiqidən ibarət zərif və eyni zamanda dinamik kompozisiyaları hər kəs tərəfindən maraqla qarşılanıb və fasiləsiz alqışlarla müşayiət olunub. Kompozisiya Sami Yusufun “A dancing heart” və Flo Rida ft T-Pain “Low” musiqiləri əsasında xoreoqraflar Ruslan Eyvazov və İldırım Məmmədov tərəfindən qurulub. Qeyd edək ki, azərbaycanlı iştirakçılar arasında Bakı ilə yanaşı Zaqatala təmsilçiləri də yer alıb.
500 nəfərdən çox iştirakçının çıxış etdiyi festival çərçivəsində həmçinin bir sıra ustad dərsləri, mərasimlər, ekskursiyalar və digər tədbirlər keçirilib.
Xatırladaq ki, “Qızıl Yaş” Gimnastika Festivalı 50 və daha yuxarı yaşlı şəxsləri bir araya gətirərək gündəlik həyatda hərəkət etmənin nə qədər vacib olduğunu önə çəkir.
Avropa Gimnastikasına aid festival 2 ildən bir təşkil olunur.
“Gimnastika hamı üçün” növü Azərbaycanda 2015-ci ildən etibarən inkişaf etdirilir və “Ocaq Sport” Klubunda bu növ üzrə bölmə fəaliyyət göstərir.