İdman

gimnastikadan

başlayır

Bu da, Marinadan gümüş medal!!!

21 iyun 2015

Bu da, Marinadan gümüş medal!!!

Avropa Oyunlarında gimnastika yarışlarının sonu, bədii gimnastika üzrə yığma komandamızın lideri, Azərbaycan gimnastı Marina Durundanın parlaq çıxışı ilə hər zaman yaddaşlarda qalacaq. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Fantaziya” əsərinin sədaları altında, gimnastikanın zərif aləti lent ilə qüsursuz çıxış gimnastımıza gümüş medal qazandırdı.

Marina özünün sonuncu çıxışı ilə, Avropa Oyunları ərzində onu dəstəkləyən və ondan yekun çıxışında əldə etdiyi uğuru gözləyən azarkeşlərini sevindirdi.

Kövrək və zərif görünüşlü, lakin güclü xarakterə malik gimnastımız həmçinin, top və halqa ilə də final çıxışlarını nümayiş etdirdi.

Bədii gimnastlarla yanaşı, bu yarışlarda akrobatika üzrə qadın qrupu və qarışıq cütlüyümüz də mübarizə aparırdı. Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın üçlüyümüz balans hərəkətlərinin icrasından sonra medalın bir addımlığında dayandılar, temp hərəkətlərinin finalında isə 5-ci yerdə qərarlaşdılar.

Qarışıq cütlüyümüz Uliana Diakova – Anatoliy Leonov temp və balans hərəkətləri ilə müvafiq olaraq, 5-ci və 6-cı yerlərdə qərarlaşdılar.

1-ci Avropa Oyunlarında gimnastika üzrə yarışların nəticələrinə əsasən, Azərbaycanın milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 7 medal əldə etdi.

İdmançıları, onların məşqçilərini, həmçinin gimnastika ictimaiyyətini Avropa Oyunlarını uğurla başa çatdırmaları münasibətilə təbrik edirik! Yorulmadan dəstəklədiklərinə görə isə tamaşaçılara xüsusi minnətdarlığımızı bildiririk.