İdman

gimnastikadan

başlayır

AKROBATLARIN TARİXİ GÜMÜŞ MEDALLARI! - BU DƏFƏ DÜNYA MİQYASINDA

29 mart 2016

AKROBATLARIN TARİXİ GÜMÜŞ MEDALLARI! - BU DƏFƏ DÜNYA MİQYASINDA

Bu gün, Çinin Putian şəhərində yekunlaşan akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 12-18 və 13-19 yaş kateqoriyasında təmsil olunan Azərbaycan gimnastları 2 gümüş medal qazandılar.

Vətənə ilk gümüş medalı, qarışıq hərəkətlər üzrə final mərhələsində 27.650 xal toplamaqla 2-ci yeri əldə edən Azərbaycanın qarışıq cütlüyü, Nurcan Cabbarlı – Ağasif Rəhimov (12-18 yaş) gətirdilər. Birinci yerə sahiblənən Rusiya dueti (28.000) bizim cütlüyü yalnız 0.35 xalla qabaqladı. 3-cü yeri isə Böyük Britaniya və Qazaxıstan təmsilçiləri (27.350) bölüşdürdülər.

Qarışıq cütlüyün ardınca gümüş medala Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyümüz (13-19 yaş) qarışıq hərəkətlərə görə 27.500 xal toplamaqla layiq görüldülər. 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Rusiya (28.050) və Böyük Britaniya (27.000) təmsilçiləri qazandılar.  

Avropa Yaş Qrupları Yarışlarından sonra 6 ay ərzində, həm bürünc medal əldə etmiş qarışıq cütlüyümüz öz proqramlarını mükəmməlləşdirərək Azərbaycan akrobatika tarixində bu növ yarışlarda ilk dəfə olaraq yüksək nəticəyə nail oldu, həm də kişi cütlüyümüz 2-ci mövqeyini artıq daha yüksək yaş kateqoriyasında (bundan əvvəl 12-18 yaş qrupunda çıxış edirdilər) qoruyub saxladı.   

Belə irimiqyaslı yarışda ilk dəfə çıxış edən Azərbaycanın digər qarışıq cütüyü Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı da yaxşı nəticə göstərdilər. Lakin qaydalara əsasən finalda hər ölkədən yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, təsnifat mərhələsində iki çıxışın yekununa əsasən 53.100 xal toplayan cütlüyümüz, öz yerini İspaniyaya verməli oldu. 

Akrobatlarımızı, onların məşqçilərini və ümumilikdə gimnastika ictimaiyyətini beynəlxalq arenada qazandıqları bu böyük uğur münasibətilə təbrik edirik!