İdman

gimnastikadan

başlayır

DEBÜTDƏ 8-Cİ YER

22 iyun 2009

DEBÜTDƏ 8-Cİ YER

İtaliyanın Prato şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir.

Azərbaycanı bu yarışda 13 yaşlı Lalə Yusifova təmsil etmişdir. Bu, onun beynəlxalq arenada debüt turniri olmuşdur.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə, çıxışların yekununa görə o, çoxnövçülükdə 8-ci yeri tutmuşdur. Mütəxəssislərin fikrincə, Lalə topla hərəkətlərdə daha uğurla çıxış etmişdir.

Həmçinin qeyd edək ki, ilk üç yeri Rusiya, İtaliya və Bolqarıstandan olan gimnastlar tutmuşlar.

Bu həftə gimnastlarımızı daha iki turnir gözləyir. Onlardan ilki (24-25 iyun) yenə yuniorlar arasında Kislovodskda keçiriləcək. Həmin şəhərə Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (ikisi də 1997-ci il təvəllüdlü), həmçinin Səbinə Hümmətova (1999-cu il) yollanacaqlar.

İkinci yarış böyük idmançılar arasında təşkil olunacaq. Hollandiya dünyanın ən yaxşı qrup kollektivlərini gözləyir – Amsterdam Masters iyunun sonuncu həftə sonunda keçiriləcək. Azərbaycanın qrup komandası baş məşqçi Mariana Vasilevanın rəhbərliyi altında iki hərəkətlə çıxış edəcək: 5 halqa və 3 lent / 2 iplə.