İdman

gimnastikadan

başlayır

Dost haqqinda xatirə...

06 aprel 2015

Dost haqqinda xatirə...

Bu, Azərbaycan Gimnastika Federasiyasının növbəti press-relizi deyil, əfsuslar olsun ki, bu – nekroloqdur.

Aleksandr Pravdin artıq yoxdur. Ömrünün 46-cı ilində Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi qəfildən dünyasını dəyişdi. Aleksandr Pravdin 4 aprel tarixində saat 13:00-da miokard infarktından vəfat etdi.

Gimnastika dəyərli bir mütəxəssisi, biz isə gözəl insanı itirdik.

Hər zaman az danışan, biraz fikirli, atletik cəhətdən möhkəm və ləngiməyi sevməyən o, həm uşaq vaxtından tanıdığı böyük gimnastlara,  həm də zala yeni gəlməyə başlayan,  gimnastikanın sirlərini yeni öyrənənlərə qarşı tələbkar olsa da, onlara ata qayğısı göstərirdi.

 Məhz, onun rəhbərliyi ilə qadınlar arasında ilk Bakı Çempionatı təşkil olundu və bu yarış qadın idman gimnastikası üzrə milli komandamıza parlaq ümidlər verdi və inanırıq ki, bu belə də olacaq.

Aleksandr Yuryeviç yığma komandamızın baş məşqçisi vəzifəsinə ötən ilin sonları təyin olunmuşdu. Onun təlimləri və məşqləri, məqsədyönlü olması, işinə olan sevgisi bizə, ən yaxşı nəticələr qazanmağımıza ümid verirdi. Həqiqətən, onun yığma komandaya rəhbərliyindən sonra, qadın idman gimnastikasında əsaslı təkan baş verdi.  Aleksandr Yuryeviç kimi mütəxəssislə işlədiyimizə görə fəxr edirdik, əlbətdə hələ çox uğurlarımıza birgə sevinmək istərdik.

O, ailəsini çox sevirdi, qayğı göstərirdi, onları qoruyurdu. Baş məşqçi olduqdan sonra o, ailəsi ilə birgə Bakıya köçmüşdü. Həyat yoldaşını çox sevən xanımı Nina, komanda ilə işləməkdə ona kömək edirdi. İdmançı valideynlərinin izini davam etdirən qızı Kristina isə, bu ilin mart ayında Azərbaycanın mütləq çempionu oldu. Daha sonra isə, atasının rəhbərliyi ilə “World Challange Cup” yarışının gümüş medalını qazanmışdır.

Aleksandr Yuryeviç özü, 1970-ci ildə anadan olmuşdu və gənc yaşlarından gimnastika ilə məşğul olmağa başlamışdı. İdmançı karyerasını bitirdikdən sonra o, məşqçi kimi fəaliyyətini davam etdirirdi. Uzun illər Voronej Gimnastika Məktəbində işləmiş, kiçik idmançılara təlimlər keçmiş və tanınmış idmançılar yetirmişdir.

İdman nailiyyətlərindən başqa, Aleksandr bizim üçün yaxşı dost idi. O, ziyalı insan, əsl intektual və maraqlı həmsöhbət idi. Aleksandr Yuryeviç boş zamanlarında riyaziyyat ilə maraqlanırdı. Məhz, riyaziyyatı o ən araqlı elm hesab edirdi. Kim bilir, bəlkə də o, elmlə idmanı birləşdirib möhtəşəm nələrsə etmək istəyirdi?!

Son aylar, Aleksandr Yuryeviç milli komandanı Avropa Oyunlarına hazırlaşdırırdı və bu işə özünü çox həsr etmişdi. 

Onun ölümü, bizi, Federasiyanın bütün əməkdaşlarını, idmançıları, məşqçiləri və idman cəmiyyətini şoka saldı.

Bu gün onun cəsədi doğma vətəni Voronejdə torpağa tapşırıldı. Onun son günlərdə  Bakıda çalışdığı gimnastika zalında da matəm idi. Milli Gimnastika Arenasında bütün məşqlər musiqisiz keçdi və Aleksandr Yuryeviçin əziz xatirəsi qeyd edildi. 

Yeriniz görünəcək, Aleksandr Yuryeviç...