18 yanvar 2017
Çərşənbə axşamı, 17-21 yanvar tarixlərində Bakıda ilk dəfə keçiriləcək Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları start götürüb.
Açılışda çıxış edən FIG-nin kurslar üzrə inzibati heyətinin rəhbəri Slava Korn, kurs iştirakçılarını salamlayıb və Təşkilat Komitəsinin üzvlərini təqdim edib. O, həmçinin Azərbaycan Gimnastika Federasiyasına yüksək təşkilatçılaqlarına görə minnətdarlığını bildirib.
“Yaxın 3 gün ərzində Olimpiya dövrü üzrə yeganə olan bu seminarda öz bacarıqlarınızı nümayiş etdirmək üçün çox çalışmalısınız”, deyə o, qeyd edib.
Daha sonra açılışda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. İştirakçıları salamlayaraq, onlara nailiyyətlər arzu edən Qayıbov, kursların uğurlu keçəcəyinə və arzu olunan nəticəni əldə edə biləcəklərinə ümidvar olduğunu qeyd edib.
“Ümid edirəm ki, kursların sonunda sizin simanızda kursları uğurla bitirməyinizi, həmçinin Bakıda olmağınızdan məmnun qaldığınızı ifadə edən bir təbəssüm görəcəyəm”, deyə o, bildirib.
Beynəlxalq Gimnastika Federasiyasının Qitələrarası Hakimlik Kursları Olimpiya dövrü ərzində yalnız 1 dəfə keçirilir. Bu kurslar, ən yüksək – 1-ci kateqoriyalı hakimlik dərəcəsini almağa imkan verir.
“Trend” İnformasiya Agentliyi, 17 yanvar 2017-cı il