İdman

gimnastikadan

başlayır

Gimnastikanın iki fərqli növü üzrə təşkil olunmuş birgə yarışlar bu gün başa çatdı

10 iyun 2017

Gimnastikanın iki fərqli növü üzrə təşkil olunmuş birgə yarışlar bu gün başa çatdı

İki gün boyunca davam edən turnirə  kişi idman gimnastlarının çıxışları ilə yekun vuruldu. 6 yaş kateqoriyasına bölünmüş idmançılar çoxnövçülükdə mübarizə apararaq öz aralarında ən güclüləri seçirdilər. Fəxri kürsüyə yüksəlməyi isə Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərinin təmsilçiləri bacardı.

Qeyd etməyə dəyər ki, bu dəfə yarışlarda dəfələrlə yerli turnirlərin mükafatçıları olmuş gimnastlarla yanaşı, ilk dəfə yarış hissini dadan azyaşlı  idmançılarımız da var idi.  Həyəcan dolu baxışlarla alətə yaxınlaşaraq, onlar üçün hələ çox çətin görünən kiçik elementləri icra etmələri onları daha inamlı çıxışlara sövq edirdi. Bəzən buraxdıqları səhvlərə üzülsələr də, yarış əzmi kiçik balalarımızı ən son ana qədər buraxmadı. Əlbəttə yetişməkdə olan gənc gimnastların belə qətiyyətli çıxışları öz övladlarını dəstəkləməyə gələn valideynlərini də qürurlandırırdı. Məşqçilər də öz kiçik yetirmələrinin nümayişlərini böyük həyəcanla izləyir, onlara kömək olmağa çalışırdı.  

Maraqlı anları ilə yadda qalan mövsümün ilk birgə gimnastika yarışları çərçivəsində, Kişi İdman Gimnastikası üzrə 24-cü Bakı Çempiontı və Azərbaycan Birinciliyi də beləcə sona çatdı.

Bütün qalib və mükafatçıları təbrik edir, hər bir gimnasta qələbəyə gedən yolda usanmadan addımlamağı arzulayırıq.   

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən (yarışlar bölməsindən) əldə edə bilərsiniz.