İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI KİYEVDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRDƏ ÜÇÜNCÜ OLDULAR

19 mart 2012

AZƏRBAYCAN GİMNASTLARI KİYEVDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRDƏ ÜÇÜNCÜ OLDULAR

Azərbaycan gimnastları Kiyevdə keçirilən Dünya kuboku mərhələsi çərçivəsində yeniyetmələr arasında beynəlxalq turnirdə komanda hesabında üçüncü olublar.
Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi 1997-ci il təvəllüdlü), Güslüm Şəfizadə və Nilufər Niftəliyeva (hər ikisi 14 yaşlı) bürünc medallara və üçüncü dərəcəli diplomlara layiq görülüblər. Rusiyalı gimnastlar qızıl, ukraynalı idmançılar isə gümüş medallara sahib çıxıblar.
Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, turnirdə 23 komanda iştirak edib.
"Mən ay ərzində nəticələrini təqribən 2 bal artıran gimnastların çıxışından razıyam! Mütəxəssislərin əksəriyyəti bizim idmançılarımız haqqında müsbət fikir söyləyirlər ki, bu da həvəsləndirir! Çoxları, həmçinin əfsanəvi məşqçi Albina Deryuqinanın 80 illik yubileyinə həsr edilmiş dünya kuboku mərhələsində iştirak edən Lalə Yusifovanı tərifləyirlər. Təəssüf ki, Lalə turnir yolunu nahamar keçdi və burada onun belə səviyyəli yarışlarda ilk dəfə iştirak etməsi öz sözünü dedi. Məsələn, o, lentlə hərəkətlərdə məharətlə çıxış etdi, gürz və topla hərəkətlərdə isə yol verdiyi səhvləri bağışlamadılar və Yusifovanın finala çıxmaq ümidlərini heçə endirdilər", - məşqçi qeyd edib.
Məlumatda deyilir ki, Moskvada Olimpiya mükafatçısı Yana Batırşina mükafatı uğrunda keçirilən turnirdə 12 yaşlı Ruqiyyə Səttarova öz həmyaşıdları arasında gümüş medal qazanıb. Turnirdə Rusiya və Azərbaycandan 400-dən artıq idmançı iştirak edib.
"İkinci iştirakçı Leyla İbrahimova (2001-ci il təvəllüdlü) öz yaş qrupunda topla hərəkətlərdə qalib olub, 8 yaşlı Lalə Kramarenko əşyalarsız tapşırıqda gümüş medal əldə edib", - məlumatda deyilir.
Məlumatda o da qeyd olunur ki, bundan başqa, Səttarova "Ən mürəkkəb tapşırıq" mükafatına layiq görülüb, İbrahimova isə eksklüziv çimərlik paltarının tikişinə görə yarışların təşkilatçısından çek əldə edib.
Bu həftə - Novruz bayramı günlərində Azərbaycan gimnastları Macarıstan və Polşada keçiriləcək turnirlərdə iştirak edəcəklər.