İdman

gimnastikadan

başlayır

KİYEVDƏ DEBÜT ALINDI

02 sentyabr 2013

KİYEVDƏ DEBÜT ALINDI

Son həftə ərzində dünyanın ən yaxşı gimnastları Ukraynanın paytaxtı Kiyevdə dünya çempionatına toplaşmışdılar. Yarış bütün mənalarda xüsusi idi. Çünki Olimpiadadan sonra təbii nəsildəyişmə baş verdi və bu birincilik bizim səkkiz idmançımızdan yeddisi üçün ilk idi. Lakin buna baxmayaraq onlar bu yarışda digərlərinin kölgəsində qalmadılar. Marina Durunda lentlə olan tapşırıqlarda beşinci pilləni tutub və Lalə Yusifova ilə birgə çoxnövçülük üzrə yarışların finalına çıxıb. Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Baqiyeva, Səbinə Qaratova, Siyana Vasileva və Aliyə Paşayevadan ibarət Azərbaycanın qrup komandası 3 top və 2 lentlə olan hərəkətlərdə 6-cı nəticəni göstərərək çoxnövçülük üzrə yarışlarda 7-ci olublar.

Durunda və Yusifova yarışların başlanğıcından əvvəl mütəxəssislərdən müsbət rəy alaraq onları müvafiq nəticələrlə möhkəmləndiriblər. Başa düşmək lazımdır ki, bu yeniyetmə yaşından yenicə çıxan gimnastlarımız üçün ilk birincilikdir. İdmançılarımızın çoxnövçülük üzrə yarışlarda güclülər arasına çıxması faktı çox şeydən xəbər verir. Müqayisə üçün qeyd edək ki, ötən dünya çempionatında Azərbaycanı yalnız Aliyə Qarayeva çoxnövçülük üzrə yarışların finalında təmsil edib ki, bu da ona Olimpiada da iştirak üçün vəsiqə qazandırıb. Olimpiadaya seçim indi keçirilsəydi onda Durunda və Yusifova oyunlara vəsiqə qazanardılar. Çünki Kiyevdə yarışan əsas rəqiblərin böyük hissəsi Londondakı oyunlarda iştirak edərək ilk onluqda yer tutmuşdular.

Azərbaycanın qrup komandası çoxnövçülük üzrə yarışlarda özünü çox yaxşı göstərdi və onların tutduqları yeddinci yer bunu sübut edir. Turnir cədvəlində millimiz Olimpiadada iştirak edən Ukrayna, Yaponiya, Almaniya və Yunanıstan kollektivlərini qabaqlayıb. Bununla da həm qrup millimiz, həm də fərdi idmançılarımız ötən il on üçüncü olduqları dünya çempionatı ilə müqayisədə öz nəticələrini yaxşılaşdırıblar. Onlar 3 top və 2 lentlə hərəkətlərdə final mərhələsinə çıxıblar.

Dünya çempionatı bütün gimnastlarımızın iştirak etdiyi Qala-konsertlə yekunlaşıb. Azarkeşlər komandamızı yüksək hərarətlə dəstəklədirlər və demək olar ki, qeyri-rəsmi mükafat olan tamaşaçı rəğbətini Kiyevdə millimiz qazandı.