İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu Açıq Bakı çempionatı başladı

19 iyun 2026

Kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu Açıq Bakı çempionatı başladı

19 və 20 iyun tarixlərində Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu Açıq Bakı çempionatı keçirilir.

Yarışda idmançılar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə mübarizə aparırlar. Çempionatda Bakı Gimnastika Məktəbi, eləcə də “Ocaq Sport” Klubunun Bakı və Sumqayıt bölmələrini təmsil edən 30-a yaxın gimnast iştirak edir.

Qadın gimnastlar dayaqlı tullanma, sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və gimnastika tirində, kişilər isə gimnastika atı, sərbəst hərəkətlər, halqalar, dayaqlı tullanma, turnik və paralel qollarda bacarıqlarını nümayiş etdirirlər.

Açıq Bakı çempionatında Azərbaycan idman gimnastikası üzrə milli komandanın üzvləri də iştirak edirlər. Onların sırasında Avropa çempionatının gümüş medalçısı, 2025-ci il Dünya kuboku seriyalarının qalibi Nikita Simonov, eləcə də Dünya kubokunun finalçıları Nazənin Teymurova və Dəniz Əliyeva yer alır.

Yarışın ilk günündə fərdi çoxnövçülük üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Böyüklər yaş kateqoriyasında qadınlar arasında Dəniz Əliyeva birinci, Nazənin Teymurova ikinci, Aytən Məmmədova isə üçüncü yerə layiq görülüb.

Yeniyetmələr arasında isə Loyko Milana fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Aylin Şahbazlı ikinci, Fatimə Mustafazadə isə üçüncü nəticə göstərib. 

Sabah yarışın ikinci günündə idmançılar ayrı-ayrı alətlər üzrə final çıxışlarında mübarizə aparacaq, qaliblər müəyyənləşəcək və çempionatın yekun nəticələri açıqlanacaq.