11 avqust 2022
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə yarışların ikinci günü Azərbaycan yığma komandasının üzvləri üçün uğurlu olub. Ayrı-ayrı alətlər üzrə final mərhələsində mübarizə aparan təmsilçilərimiz komandamızın hesabına 1 qızıl, 1 gümüş, 1 bürünc medal yazdırıblar.
İdmançımız İvan Tixonov ölkəmizə gimnastika növündə V İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını qazandırıb. O, dayaqlı tullanma üzrə hərəkətlərin icrasında rəqiblərini böyük fərqlə (14.550 xal) üstələyib. Turniklə hərəkətlərin icrasında isə təmsilçimiz bürünc medala (14.000) sahib çıxıb.
Xatırladaq ki, dünən gimnastımız çoxnövçülük üzrə yarışlarda da uğurla çıxış edərək komandamızın aktivinə gümüş medal yazdırmışdı.
Bu gün təmsilçilərimizdən həmçinin Nikita Simonov halqalar ilə hərəkətlərin icrasında gümüş medal (14.850 xal) qazanıb.
Bununla da Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarını 1, qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurub.
Məlumat üçün bildirək ki, ölkəmiz İslam Oyunlarında 4 gimnastika növü (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) üzrə təmsil olunur.
Qeyd edək ki, “Konya-2021”də bədii gimnastika və aerobika gimnastikası üzrə yarışlar avqustun 13-14-də, qadın idman gimnastikası üzrə isə ayın 17-18-də keçiriləcək.