19 iyun 2023
İyunun 15-də Milli Gimnastika Arenasının məşq zalında kişi idman gimnastikası üzrə təlim-məşqlərə start verilib. İyulun 7-dək davam edəcək məşqlərə “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gimnastika Məktəbi və Sumqayıtı təmsil edən 11-13 yaş qrupu üzrə 20 idmançı cəlb olunub. Təlim-məşq toplanışlarının təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin, peşəkar bacarıqlarının artırılmasıdır. Bu gün gimnastların KİV nümayəndələri üçün açıq məşqi keçirilib. İdman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Ruslan İrqaşev komandanın hazırlığı barədə ətraflı məlumat verib:
“Təlim-məşqlər gimnastların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Burada biz gənc idmançıları yoxlayırıq. Peşəkar səviyyədə idmanla məşğul olan hər bir idmançı gənc yaşlarından məşq yükünə, gün ərzində iki dəfə keçirilən məşqlərə uyğunlaşmalıdır. İdmançılar Milli Gimnastika Arenasında gün ərzində 3 dəfə qidalanır, vitaminizasiya ilə təmin olunur və bərpaedici məşqlərdə iştirak edirlər. Məşqlərlə yanaşı, onların bərpa olunmaları da çox vacib amildir”.
Baş məşqçi əlavə olaraq yığma komandanın üzvlərini qarşıda bir sıra mötəbər yarışların gözlədiyini də bildirib: “Hazırda Azərbaycan yığma komandasının üzvü Aydın Əlizadə iyulun sonunda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşır. Daha sonra idmançılarımızı Çində keçiriləcək Yay Universiadası gözləyir. Bu yarışda yığma komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov qüvvəsini sınayacaq. Hər iki idmançımız avqust və sentyabr aylarında keçiriləcək Dünya kuboku yarışlarında və Olimpiya Oyunlarına iştirak hüququ verəcək dünya çempionatında qüvvələrini sınayacaqlar”.