İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastikası tarixində ölkəmiz üçün tarixi qələbə

26 aprel 2024

Kişi idman gimnastikası tarixində ölkəmiz üçün tarixi qələbə

Milli gimnastika tariximizin səhifələrinə daha bir böyük uğur həkk olundu! Avropa çempionatında ilk dəfə olaraq müstəqil Azərbaycanın kişi idman gimnastikası üzrə medal qazanılıb. Tarixi qələbəyə idmançımız Nikita Simonov nail olub. O, halqalar proqramı üzrə nümayiş etdirdiyi çıxışında 14,900 xal toplayıb.
İtaliyanın Rimini şəhərində 24-28 aprel tarixlərində keçirilən kişi idman gimnastikası üzrə Avropa çempionatında millimizin digər üzvləri də iştirak edib. Böyüklər arasında mübarizədə İvan Tixonov (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik), Mənsum Səfərov (sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, paralel qollar), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at, halqalar, paralel qollar, turnik) çıxış edib. Gənclər yaş kateqoriyasında isə Aydın Əlizadə ölkəmizi sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnik proqramları üzrə təmsil edib. Bu performanslar arasında ən uğurlusunu İvan Tixonov nümayiş etdirib. Növbəti həftə isə qadın idman gimnastikası üzrə təmsilçilərimiz tarixi qələbə qazandığımız bölgəyə - İtaliyanın Rimini şəhərinə Avropa çempionatında iştirak etmək üçün yola düşəcək. Milli komandamıza çıxışlarında müvəffəqiyyət diləyirik.