11 dekabr 2017
8-10 dekabr tarixlərində Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok, eyni zamanda Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirildi.
4 gün davam edən yarışlarda ümumilikdə Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Sumqayıt və Qusar, həmçinin Gürcüstandan olan təmsilçilər mükafatçılar sırasında yer aldılar.
Turnirin sonunda isə Arenada əsl gimnastika coşğusu yaşandı. “Qızıl yaş” adlı şouda tamaşaçılar bu dəfə adət edildiyi kimi yarış meydançasında az yaşlı gimnastları deyil, məhz onların məşqçilərini izlədilər. Yığma komanda ilə yanaşı digər klublarda çalışan məşqçilər bir neçə gün idi ki böyük şouya hazırlaşırdılar. Uzun fasilədən sonra meydançada öz yetirmələri qarşısında çıxış etmək həyəcanı hər nə qədər yüksəkdə olsa da, məşqçilərimiz bu sınağın da öhdəsindən gəldilər.
Ən gözlənilməz çıxış isə məhz bədii gimnastika üzrə millinin Baş məşqçisi Mariana Vasilevaya məxsus idi. 27 il sonra ilk dəfə xalça üzərində əsl gimnast qaməti ilə addımlayan M. Vasileva məhz Azərbaycanın dahi bəstəkarlarından Emin Sabitoğlunun müəllifi olduğu “Bağışla” musiqisini seçərək, zərif notlarla çətin elementlərin ahəngindən gözoxşayan bir kompozisiya yaratmışdı. Bütün tamaşaçıları ovsunlamağı bacaran Baş məşqçimizin möhtəşəm çıxışı izdihamlı alqışlarla qarşılandı və beləcə bu notlarla 4 günlük birgə yarışlara yekun vuruldu.