İdman

gimnastikadan

başlayır

MAYANIN “GÜMÜŞÜ”

05 mart 2012

MAYANIN “GÜMÜŞÜ”

Azərbaycanın Afaq Məhərrəmli - Pərizad Quliyevadan ibarət qadın akrobat cütlüyü Portuqaliyanın Maya şəhərində keçirilən Dünya kuboku mərhələsinin gümüş mükafatçıları olublar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, duetimiz balans tapşırığının icrasından sonra ikinci yerdə qərarlaşıb. Hərəkətlərdə xırda səhvlər nəticəsində templi kombinasiyanın nümayişi zamanı musiqi ahəngi ilə uyğunsuzluq yaranıb. Yekunda Bakı Gimnastika Məktəbinin yetirmələri finala üçüncü pillədən çıxa biliblər.
Bununla belə duetimiz həlledici qarışıq kombinasiyalı tapşırığa daha toparlanmış şəkildə yanaşıb. Bunun da məntiqi nəticəsi kimi idmançılarımız finalda ancaq Belarus cütlüyünə 0.5 bal uduzaraq ikinci yeri tutublar.
Beynəlxalq dərəcəli hakim İradə Qurbanova qeyd edib ki, Afaq və Pərizadı bu yarışlara psixoloji cəhətdən hazırlayan Leyla Mehdizadənin məşqçi debütünü də uğurlu hesab etmək olar.
"Fikrimcə, qızlar daha da yaxşı çıxış edə bilərdi, lakin onlar Dünya kuboku iştirakçıları sırasına birinci dəfə qoşulublar! Onları qarşıda Azərbaycan birinciliyində iştirakı gözləyir. Birincilik Novruz bayramı ərəfəsində keçiriləcək. Ardından ABŞ-da apreldə keçiriləcək dünya çempionatı öncəsi toplanışlar nəzərdə tutulub", Qurbanova qeyd edib.