İdman

gimnastikadan

başlayır

Maraqlı mübarizəyə yekun vuruldu 

24 fevral 2023

Maraqlı mübarizəyə yekun vuruldu 

Batut gimnastikası üzrə uğurla təşkil olunmuş ilk beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası mövsümün ilk yerli yarışına, batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı ilə start verdi. 
Fevralın 24-də Milli Gimnastika Arenasında keçirilən yarışda “Ocaq Sport” Klubu, klubun Qax bölməsi, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 94 idmançı (batut gimnastikası üzrə 62, tamblinq üzrə 32) mübarizəyə qoşuldu. 
Hər iki növ üzrə idmançılar fərdi proqramda balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə qüvvələrini sınadılar. 
Təsadüfi deyil ki, ən mötəbər yarışlarda uğur qazanan idmançılar ilk addımlarını məhz bu cür yarışlarda imza atırlar. Bununla yanaşı, yerli yarışlar həm karyeralarına yeni başlayan, həm də kifayət qədər peşəkarlığa malik gimnastlar üçün qarşıdakı turnirlərə hazırlıq baxımından təcrübə xarakteri daşıyır. 
Qeyd edək ki, Azərbaycan birinciliyində paytaxtla yanaşı, bölgədən olan idmançılar da mübarizəyə qoşulmuşdu. 
Sevindirici haldır ki, yarışın qalibi sırasında “Ocaq Sport” klubunun Qax bölməsinin üzvlərini də görmək mümkün idi. Bu uğur bir daha ölkəmizdə gimnastikanın müxtəlif növlərinin paytaxtla yanaşı, bölgələrdə inkişafını bir daha nümayiş etdirir. 
İdmançıların maraqlı mübarizəsinin yekununda həm batut, həm də tamblinq üzrə ölkənin ən güclü idmançılarının adları müəyyənləşdi.