İdman

gimnastikadan

başlayır

Mariana Vasileva Nikaraqualı gimnastın arzusunu gerçəkləşdirməkdə vacib addım atdı

31 Iyul 2020

Mariana Vasileva Nikaraqualı gimnastın arzusunu gerçəkləşdirməkdə vacib addım atdı

Bədii gimnastika üzrə Azərbaycan yığmasının Baş məşqçisi, AGF İcra Komitəsinin üzvü Mariana Vasileva yeniyetmə Nikaraqualı gimnastı son dərəcədə sevindirəcək bir hədiyyə edib.

Belə ki, Sofiya Estrada adlı gimnastın plastik şüşə və borulardan hazırlanmış alətlə məşq videosunu izlədikdən sonra M.Vasileva ona gerçək gimnastika alətləri hədiyyə etmək qərarına gəlib. Nikaraqualı gimnast qısa müddətdə çoxdan gözlədiyi və böyük həvəslə istifadə edəcəyi alətlərinə qovuşub.

Bununla bağlı Nikaraqua Olimpiya Komitəsinin internet səhifəsində dərc edilmiş məqaləni aşağıdakı şəkildə nəzərinizə çatdırırıq:

Bir arzunun ardınca..

Gimnastımız Azərbaycandan hədiyyə aldı

Nikaraqua gimnastı Sofiya Estradaya, bu cümə axşamı, 30 iyul tarixində Azərbaycanın bədii gimnastika üzrə Baş məşqçisi Mariana Vasileva tərəfindən bir dəst alət (ip, top, gürzlər, lent) və yarış geyimi hədiyyə edildi.

Hər şey Nikaraqua Gimnastika Federasiyasının Sofiyanın anasının köməyi ilə onlayn məşq üçün hazırladığı plastik şüşə və borulardan hazırlanmış gürzlərlə bağlı etdiyi paylaşımla başladı.

Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olan Vasileva, bundan bir neçə dəqiqə sonra əlaqə saxlayaraq, məşq və yarış üçün bütün lazımi ləvazimatları hədiyyə etmək istədiyini bildirdi.

Nikaraqua Gimnastika Federasiyasının prezidenti Kenia Herrera Baş məşqçinin gimnastın öz xəyalını gerçəkləşdirməsini arzuladığını və bu səbəblə onu gimnastikanın yüksək səviyyədə olduğu Avrasiya ölkəsinə təlim-məşq toplanışına dəvət etmək imkanının olacağını bildirdi.

Əslən Siudad-Sandinodan olan 12 yaşlı idmançı elastikliyinə görə 7 yaşından baletlə məşğul olurdu. Bu ilin fevral ayında o, idmana aşiq olacağını düşünmədən öz bacarığını bədii gimnastikada sınamağa qərar verdi.

Aldığı hədiyyədən ruhlanan və layiqli gimnast olmaq üçün bütün gücü ilə məşq edən gimnastın arzusu Nikaraquanı qürurla təmsil etmək, beynəlxalq yarışlarda ölkəsinə qızıl medal qazandırmaqdır.”

http://con.org.ni/index.php/12-noticias/3300-gimnasta-recibe-donacion-de-azerbayan