İdman

gimnastikadan

başlayır

Marina Durunda İzmirdə keçirilən Dünya Çempionatında 6-cı yerin sahibi oldu

27 sentyabr 2014

Marina Durunda İzmirdə keçirilən Dünya Çempionatında 6-cı yerin sahibi oldu

26 sentyabr tarixində Türkiyədə dünyanın 24 güclü gimnastı arasında Dünya Çempionatının çoxnövçülük üzrə final mərhələsi yekunlaşıb.

Azərbaycan gimnastı Marina Durunda halqa, top, lent və gürzlərlə çıxış edərək 69.565 xalla 6-cı yerdə qərarlaşdı. Qızıl medalı dörd çıxışın nəticəsində 75.266 xal alaraq, Rusiyalı Yana Kudryatseva əldə etdi. İkinci yeri 74.149 xal toplayaraq daha bir Rusiyalı gimnast Marqarita Mamun qazandı. Bürünc medalı isə Ukraynalı Anna Rizatdinova əldə etdi (72.449).
Bu - ötən il Dünya Çempionatında 16-cı yerdə qərarlaşan gənc gimnastımız üçün böyük uğurdur.

Türkiyənin İzmir şəhərində planetin ən güclü gimnastlarının turniri həftənin bazar günü qrup hərəkətləri komandalarının çıxışları ilə sona çatacaq. Artıq bu gün Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Aliyə Paşayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət Azərbaycanın qrup hərəkətləri komandası (Avropa Çempionatının gümüş mükafatçıları)  iki günlük çıxışlarına başlayacaqlar. Yarışın son günü qrup komandası 10 gürzlə və daha bir kompozisiya – 3 top və 2 lent ilə çıxış edəcəklər.