01 iyun 2020
Ölkədə COVID-19 pandemiyası ilə bağlı karantin günləri davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri təşkil edilir.
Bədii gimnastika üzrə yığmanın üzvləri öz məşqlərinə davam etməklə yanaşı bu ustad dərslərində iştirak edərək, həm də faydalı təcrübə əldə edirlər.
Belə ki, komandamızın aparıcı gimnastlarından biri, Yay Universiadasının mükafatçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova Polşa gimnastları üçün onlayn ustad dərsləri keçib.
Belə ustad dərsləri Slovakiya və Latviya gimnastları üçün də təşkil edilmişdir. Slovakiya bədii gimnastları üçün ustad dərslərini Avropa çempionatının gümüş və bürünc medalçısı Siyana Vasileva və bədii gimnastika üzrə gənclərin ilk Dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova keçib. Latviya gimnastları üçün təşkil edilmiş onlayn dərslərin də təlimçisi Arzu Cəlilova olub.
Yığma üzvlərinin ustad dərsləri bununla bitmir. Belə ki, iyun ayında Hindistanın bədii gimnastları üçün onlayn ustad dərsləri də təşkil ediləcək. Bu təlimlər Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Natalya Bulanova, yığmanın məşqçisi Lalə Məhərrəmova və baş xoreoqrafı Kamil Quliyev tərəfindən keçiriləcəkdir.
Gimnastika klubları və cəmiyyətlərinin istəyi əsasında yerli gimnastlar üçün də onlayn təlimlər təşkil edilir.