14 iyun 2010
Azərbaycanın üçqat çempionu Aliyə Qarayeva Avstriyanın İnsbruk şəhərində Qran-pri turnirində öz hesabına eyni vaxtda üç - bir gümüş, iki bürünc medal yazdırıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onun bütün mükafatları ayrı-ayrı finallarda əldə olunub. "Gümüş" mükafatı o, lentlə (28.225 xal), "bürünclər"i isə ip (27.425) və halqa (27.95) hərəkətləri yerinə yetirərkən qazanıb.
"Bir turnirdə üç medal çox şərəfli missiyadır. Yalnız təəssüf ki, orada "qızıl" yoxdur, - Qarayeva deyib. - Axı bütün birinci mükafatları rusiyalı gimnastlar apardılar. Plana görə, iyulun 1-4-də mənim Braziliyada yarışlarım var və orada da layiqincə çıxış etməyə, öz uğurlarımı artırmağa çalışacağam".
Qran-pridə Azərbaycanın ikinci təmsilçisi olan Anna Qurbanova iplə yeddinci və lentlə səkkizinci nəticəni göstərib.
Daşkənddəki turnirdə də yeniyetmə Azərbaycan gimnastları çoxlu medal qazanıblar.
14 yaşlı Ayşə Mustafayeva öz yaş qrupunda həm çoxnövçülük, həm də ip və topla finallarda birinci olub. Cənnət Məmmədova (1999-cu il təvəllüdlü) topla finalda qızıl, çoxnövçülükdə gümüş medal qazanıb. Elə bu yaş qrupunda Mehparə Mənsurova iplə ikinci, eləcə də topla və çoxnövçülükdə üçüncü olub. Dördüncü gənc iştirakçı - doqquzyaşlı Nuranə Mənsurova öz yaş qrupunda birinci yeri tutub.
Bədii gimnastika üzrə "Baltik kuboku" adlı daha bir beynəlxalq turnir Polşada başa çatıb və orada Azərbaycanı Dina Qorina təmsil edib. Çoxnövçülükdə altıncı yerdən sonra o, üç ayrı-ayrı finalda iştirak edib. Qorina ən yaxşı nəticəni topla (25.5 xal) göstərib və yeddinci yeri tutub, halqa və lentlə isə səkkizinci olub. Burada qələbəni Polşa gimnastı Yoanna Mitroş bayram edib.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva yetirmələrinin uğurlarından razıdır. Bundan əlavə, Qorina yarışın yekunlarına görə "Miss foto" nominasiyasında qələbə qazanıb.