19 noyabr 2017
Ötən 4 gün ərzində (16-19 noyabr) Bolqarıstanın paytaxtı Sofiyada 43 ölkədən ümumi 900-dən çox gimnastın iştirakı ilə batut və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışları baş tutub.
Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq bu qəbildən olan yarışlarda tamblinq cığırında ölkəmizi təmsil edən Mixail Malkin 31 iştirakçı arasında qalib gələrək qızıl medal qazanıb. M. Malkinin təsnifat mərhələsindən məhz elə 1-ci yerlə finala adlaması, qızıl medala olan ümidləri daha da artırmışdı. Həlledici mərhələdə də gimnastımız, bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı və Sofiyanın idman arenasında Azərbaycan Himnini qürurla səsləndirdi.
Dünya Yaş Qrupu Yarışlarında ilk dəfə çıxış edən digər tamblinqçilərimiz Adil Hacızadə 11-12 yaşlı gimnastlar arasında 9-cu, eyni yaş qrupunda çıxış edən Zeynəb Qasımlı 12-ci, Tofiq Əliyev isə 13-14 yaş qrupunda 13-cü yerdə turniri başa vurublar.
Bu turnirdə ölkəmiz ilk dəfə olaraq, batut və ikili mini batut üzrə yarışlarda da təmsil olunub. Belə ki, bu növlər üzrə yeganə iştirakçımız Selcan Mahsudova batut üzərində çıxışlarına görə 15-ci yerdə qərar tutub. Belə irimiqyaslı yarışda ilk çıxışı olmasına baxmayaraq, zərif gimnastımız ikili mini batut üzrə öz yaş qrupunda (13-14 yaş) 24 idmançı arasında finala vəsiqə qazanmağı bacarıb və yekun mərhələdə Selcan 6-cı yerlə kifayətlənib.
Qeyd edək ki, Dünya Yaş Qrupu Yarışları gimnastikanın 3 növü – batut, aerobika və akrobatika gimnastikası üzrə keçirilir. Bu yarışlar yeniyetmələr arasında dünya miqyasında ən vacib turnir hesab edilir.