İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenası növbəti dünya çempionatına hazırlaşır

09 oktyabr 2021

Milli Gimnastika Arenası növbəti dünya çempionatına hazırlaşır

Noyabr ayında Azərbaycan Gimnastika Federasiyası (AGF) daha bir gimnastika növü üzrə dünya birinciliyinə ev sahibliyi edəcək.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 18-21 noyabr tarixlərində batut gimnastikası üzrə 35-ci Dünya Çempionatı, 25-28 noyabrda isə bu növ üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının keçirilməsinə icazə verilmişdir.

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, noyabr ayında təşkil ediləcək Dünya Çempionatı bu il Milli Gimnastika Arenasının ev sahibliyi edəcəyi ikinci dünya birinciliyi olacaq. Ötən may ayında pandemiya dövründə Nazirlər Kabinetinin müvafiq icazəsi ilə aerobika gimnastikası üzrə dünya çempionatı və yaş qrupları yarışları uğurla təşkil edilmişdi.

Həmin yarışlarda idmançılar da daxil nümayəndə heyətlərinin üzvləri, işçi heyəti, media nümayəndələri və digər şəxslər arasında COVID-19-a yoluxmanı minimuma endirmək məqsədilə, ölkəmizdə qüvvədə olan karantin qaydaları ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyasının COVID-19 pandemiyası dövründə tətbiq olunan qaydaları da nəzərə alınmışdır. Bundan əlavə yarışda insanlar arasında təmasın maksimum dərəcədə azaldılması üçün gimnastlarla müsahibələr onlayn təşkil edilmiş, medalların təqdimatında isə dronlardan istifadə olunmuşdu.