İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında son beynəlxalq yarış

28 noyabr 2021

Milli Gimnastika Arenasında son beynəlxalq yarış

Bu gün Azərbaycan Gimnastika Federasiyasının bu ildə təşkil etdiyi sonuncu beynəlxalq yarış yekunlaşdı.

Batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları Bakıda ilk dəfə təşkil olunsa da, 2021-ci ildə ölkəmizdə  təşkil edilən 5-ci beynəlxalq yarış oldu.

25-28 noyabr tarixlərində keçirilmiş yarışda Azərbaycanı fərdi və sinxron batut, tamblinq və ikili mini-batut proqramı üzrə yarışlarda ümumilikdə 15 gimnast təmsil etdi.

Ötən Dünya Yaş Qrupları Yarışlarının qalibi olmuş Maqsud Mahsudov Milli Gimnastika Arenasında təşkil edilmiş yarışların qalibi oldu. Bu dəfə o, 13-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ilk pilləsində yer aldı. Beləliklə, doğma arenamızda bayrağımız ucaldı və himnimiz səsləndi.

Daha iki təmsilçimiz də medal qazanmağa çox yaxın oldu. 17-21 yaşlılar arasında fərdi batut proqramında çıxış edən Selcan Mahsudova və tamblinq cığırında mübarizə aparan Tofiq Əliyev medalın bir addımlığında dayanaraq, həlledici mərhələdə 4-cü oldular.

Sixron batut proqramında çıxış edən Maqsud Mahsudov və Nicat Mirzəyev də finala adlamağı bacardılar. Onlar 13-14 yaşlı cütlüklər arasında mübarizə apararaq, 6-cı oldular.

Bundan əlavə, batut gimnastikası üzrə yarışlarda həm də Ammar Baxşəliyev (11-12 y.ş.), İbrahim Musatafazadə (11-12 y.ş.), Mehdi Əliyev (13-14 y.ş.), Əli Niftəliyev (13-14 y.ş.), Şəfiqə Hümbətova (13-14 y.ş.), Səma Cəfərova (11-12 y.ş.) iştirak etdi. Tamblinq cığırında isə Adil Hacızadə (15-16 y.ş.), Bilal Qurbanov (15-16 y.ş.), Hüseyn Əsədullayev (15-16 y.ş.), Aleksey Karataşov (13-14 y.ş.) və Elnur Məmmədov (15-16 y.ş.) çıxış etdi.

Qeyd edək ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, Yaş Qrupları Yarışları da tamaşaçı iştirakı olmadan keçirildi və insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra tədbirlər həyata keçirildi.

Dünya Yaş Qrupları Yarışlarının Yerli Təşkilat Komitəsi olaraq bu tədbirin keçirilməsində əməkdaşlıq etdiyimiz müvafiq dövlət strukturları və qurumlara dərin minnətdarlığımızı bildiririk!