İdman

gimnastikadan

başlayır

Milli komandamızın üzvləri 3 beynəlxalq yarışda 9 medal qazandılar

13 aprel 2024

Milli komandamızın üzvləri 3 beynəlxalq yarışda 9 medal qazandılar

Aprel ayının 12-14 tarixlərində baş tutmuş 3 fərqli beynəlxalq yarışlarda milli komandamızın 10 üzvü uğurlu iştirakları ilə yadda qalmışlar. Ötən həftə ərzində Qırğızıstan, Slovakiya və Bolqarıstanda keçirilən yarışlarda idmançılarımız ümumilikdə 8 qızıl və 1 gümüş medala sahibləniblər. Bədii gimnastika üzrə 8 qızıl, aerobika gimnastikası üzrə isə 1 gümüş medal qazanan gimnastlarımızın nəticələri barədə ümumi xülasəni təqdim edirik.

Qırğızıstanın Bişkek şəhərində keçirilən bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq yarışda millimizin 3 üzvü uğurlu nəticələr əldə etməyə nail olmuşlar. Gənclər arasında fərdi proqramda Mədinə Abbaslı, Zəhra Cəfərova və Şəms Müvəffəgi yarışda bütün rəqiblərini üstələyərək 8 qızıl medala layiq görülüblər. Mədinə Abbaslı çoxnövçülük çıxışına görə 76.500 xal toplayaraq qızıl medala sahib olmuşdur. Zəhra Cəfərova isə çoxnövçülük və topla çıxışlarına görə 100.700 xal ilə millimizə 2 qızıl medal qazandırmışdır. Ən yüksək nəticəyə isə yığma komandamızın digər üzvü, Şəms Müvəffəgi imza atmışdır. İdmançımız çoxnövçülük, halqa, top, gürzlər və lentlə çıxışlarına görə 106.250 xal əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və toplam olaraq 5 qızıl medala sahibi olub.

“Kelechek” adlı beynəlxalq yarışı ilə paralel olaraq, Slovakiyanın Bratislava şəhərində keçirilən aerobika gimnastikası üzrə “Slovak Aerobic Open” adlı beynəlxalq yarışda gənclərdən ibarət yığma komandamızın 5 üzvü iştirak etmişdir. Qrup tərkibində çıxış edən Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı çıxışlarına görə 18.100 xal toplayaraq ölkəmizin növbəti gümüş medalını qazanıblar. Gimnastımız Sara Əlixanlı, yarışda fərdi hərəkətlərdə də çıxış etmişdir. Hakimlər tərəfindən onun çıxışı 17.150 xal ilə qiymətləndirilmişdir. Topladığı bal onu 9-cu sırada yerləşdirmişdir.

Digər 2 yarış ilə eyni tarixlərdə Bolqarıstanın Sofiya şəhərində baş tutan bədii gimnastika üzrə Dünya kubokunda yığma komandamızın böyüklərdən ibarət ikinci heyətinin üzvləri İlona Zeynalova və Mədinə Dəmirova, fərdi proqram üzrə çıxışlarını nümayiş etdirmişdilər. Yarışda ümumilikdə 43 ölkədən, 57 idmançı iştirak etmişdir.

Milli komandamızın hər bir idmançısına gələcək yarışlarda uğurlu nəticələr əldə etmələrini arzu edirik!