İdman

gimnastikadan

başlayır

Milli yarışlar daha iki gimnastika növü ilə davam edib

03 noyabr 2023

Milli yarışlar  daha iki gimnastika növü ilə davam edib

Noyabrın 1-i və 2-də Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən daha iki maraqlı gimnastika növü üzrə yarışlarla davam etdirdi.
Gimnastikasevərlər aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində idmançıların maraqlı çıxışlarının və cəsarətli mübarizəsinin şahidi oldular.
Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast medallar uğrunda mübarizə apardı. İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında çıxış etdilər.
Qaliblər müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında müəyyənləşdi.
Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” Klubu,  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), “Neftçi” İdman Klubu, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 68 idmançı təmsil etdi.
Yarışda qadın cütlükləri (uşaqlar- 2007-2012; balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük), kişi cütlükləri (böyüklər - 2008-ci il və daha böyük), qarışıq cütlüklər (balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük) və qadın qrupları (uşaqlar- 2007-2012; balacalar-2008-2017; yeniyetmələr-2005-2011; gənclər-2004-2010) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə apararaq çempion tituluna yiyələndilər. Bu növ üzrə yarışlara bu yaxınlarda Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında ölkəmizə rekord sayda medal qazandırmış idmançılarımızın da qatılmaları çempionata daha ciddi rəqabət qatdı. Onların güc və əzmkarlığı nümayiş etdirən çətin elementlərlə zəngin çıxışları hər kəsin marağına səbəb oldu.  
Bununla AGF daha iki növ üzrə milli yarışa uğurla yekun vurdu.
Yarışın yekun nəticələri ilə agf.az saytında tanış ola bilərsiniz.