14 dekabr 2009
Azərbaycan gimnastları Rusiyanın Vladimir şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, əgər Almaniyanın Paderborn şəhərində noyabr ayında keçirilmiş yarışlarda yeniyetmə gimnastlarımızdan ibarət qrup 3-cü yeri tutmuşdusa, bu dəfə Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənovadan ibarət dördlük ən yüksək pilləyə qalxmış, qızıl medal qazanmışdır. Bu, gələn il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etmək məqsədi ilə məşqçi heyətin təşkil etdiyi dörd gimnastdan ibarət tamamilə yeni kollektivdir.
Azərbaycanın daha yaşlı gimnast kollektivi də gənc rəfiqələrindən geri qalmamışdır. Ceyla Quliyeva, Anastasiya Prasolova, Stefani Trayanova, Nigar Mirzəyeva, Cəmilə Hüseynova, Nigar Əbdüsəlimova və Ayelita Xələfovadan ibarət komanda da beynəlxalq turnirdə birinci yeri tutumuşdur.
"1995-96-cı il təvəllüdlü yeniyetmə gimnastların turnirində gümüş medala layiq görülən Lalə Yusifova məni daha çox sevindirib", - Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qeyd edib. "O, gördüyünüz kimi, inkişaf edir və bu sevindirməyə və əhvalı yüksəltməyə bilməz. Həmin yaş qrupunda mübarizə aparan digər idmançımız Jalə Qaratova isə 4-cü yeri tutub. Belə ki, missiya yerinə yetirilib və nümayişin ikinci hissəsi dekabrın 20-də Hollandiyada beynəlxalq türnirdə təşkil ediləcək", - baş məşqçi deyib.
Rusiyanın təkcə Vladimir şəhərində deyil, Kalininqrad şəhərində də ötən istirahət günlərində Azərbaycanın Dövlət Himni səslənmiş, Dövlət Bayrağımız ucaldılmışdır. Belə ki, 12 yaşlı Leyla Hüseynli beynəlxalq yarışların qalibi olmuş, Nərminə Hüseynova isə 1999-cu il təvəllüdlü gimnastlar arasında 3-cü yerə çıxmışdır.