İdman

gimnastikadan

başlayır

MUSTAFAYEVA, NİFTƏLİYEVA VƏ PİRİYEVA BƏDİİ GİMNASTİKA ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİDİR

09 fevral 2009

MUSTAFAYEVA, NİFTƏLİYEVA VƏ PİRİYEVA BƏDİİ GİMNASTİKA ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİDİR

Bakı Olimpiya İdman Kompleksi iki gün ərzində 16-cı Bakı birinciliyində iştirak edən gimnastların ixtiyarına verilmişdi. Amma öz ustalıqlarını sərgiləyənlər yalnız bakılı idmançılar deyildi, turnirdə müsabiqədən kənar proqramla Gəncədən 8 idmançı iştirak etmişdir.

Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qeyd etmiş və bildirmişdir ki, ölkədə gimnastikanın inkişafı yüksələn xətlə hərəkət edir. “Burda Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın xidməti böyükdür. Yığma komandanın əsas heyətinə düşmək uğrunda rəqabət hətta bu turnirdə iştirak edən gənc gimnastlar arasında da güclənir”, deyə, o bildirib.

Ən maraqlı mübarizə 1995-97-ci il təvəllüdlü gimnastlar arasında alındı. Topla sonuncu hərəkətə qədər liderlər bərabərə gedir, eyni xalları yığır və eyni səhvləri edirdilər, lakin sonda onlardan biri möhkəmlik və dözümlülük nümayiş etdirdi. Nəticədə qalib adını Həmkarlar ittifaqı idman cəmiyyətindən Ayşə Mustafayeva qazandı. O, çoxnövçülükdə 60.795 xal topladı. Respublika kompleks idman məktəbinin idmançısı Yekaterina Prokopenko ondan yalnız 0.2 xal az nəticə göstərdi. Üçüncü yer həmin klubdan olan Mansurə Bağıyevanındır (58.585).

1998-99-cu il təvəllüdlü gimnastların müsabiqəsində Bakı gimnastika məktəbindən Nülufər Niftəliyeva birinci olmuşdur. Hakimlər onun çıxışını 39.775 xalla qiymətləndirmişlər. İkinci yer 38.55 xalla Cənnət Məmmədovanın (Həmkarlar ittifaqı), üçüncü yer 37.2 xalla Mehbarə Mansurovanın (Həmkarlar ittifaqı) olmuşdur.

Nəhayət, 2000-01-ci il təvəllüdlü gimnastların müsabiqəsində Respublika kompleks idman məktəbini təmsil edən Jalə Piriyeva birinci olmuşdur. O, 34.25 xal toplamışdır. Sonrakı yerləri 32.9 xalla Ləman Məmmədova (Həmkarlar ittifaqı) və 30.95 xalla Nuray Sərdarlı (Bakı gimnastika məktəbi) tutmuşlar.

Bu sahədə beynəlxalq start 19-22 fevral tarixdə Estoniyada keçiriləcək beynəlxalq turnir olacaq. Burada may ayında Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycanın yeniyetmələrdən ibarət qrup hərəkətləri üzrə komandası da iştirak edəcək. Yeri gəlmişkən, qaraçı musiqisi sədaları altında 5 lentlə ilk dəfə tamaşaçılar qarşısında birincilik çərçivəsində parlaq çıxışları ilə qızlar heç kimi biganə qoymadılar. Həmçinin, Bakıda təlim-məşqdə olan bolqar gimnastları kimi onların da zərif nümunəvi çıxışları Bakı turnirinə xüsusi rəng və bayram ovqatı qatdı.