24 aprel 2024
Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəmizdə bədii gimnastika üzrə Dünya kuboku keçirildiyi günlərdə gimnastlarımız müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil ediblər. Belə ki, 19-21 aprel tarixlərində bədii gimnastika üzrə Türkiyənin İstanbul şəhərində baş tutan “Bosfor kuboku” adlı beynəlxalq yarışda gənc fərdi gimnastlar Məmmədova Sofiya, Abdullazadə Dəniz və Müvəffəqi Şəms iştirak edib. Millimizin üzvü Sofiya Məmmədova halqa proqramında ölkəmizə gümüş medal qazandırıb. Qrup komandasının tərkibində millimiz 3-cü yerə layiq görülüb. Dəniz Abdullazadə isə gürzlərlə çıxışında 4-cü yerin sahibi olub. Nəticədə gimnastlarımız ölkəmizə 1 gümüş və 1 bürünc medalla qayıdıblar.
Eyni zaman kəsiyində dünyanın müxtəlif yerlərində ölkəmizi təmsil edən idmançılarımız daha bir beynəlxalq yarışdan qələbə ilə ayrırlıblar. 18-21 aprel tarixlərində Çexiyanın aerobika gimnastikası üzrə 17-ci açıq turnirində gənclərdən ibarət yığma komandamızın 5 xanım gimnastı fərdi hərəkətlər, qrup və üçlük kateqoriyaları üzrə çıxış ediblər.
Qrup komandası tərkibində millimizin üzvləri Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Evelina Kozlovskaya və Məryəm Topçubaşova 18.550 xal toplayaraq ikinci yerdə qərarlaşıblar.
Üçlük kateqoriyası üzrə Leyla Əhmədova, Fidan İbrahimova, Evelina Kozlovskayanın çıxışı hakimlər tərəfindən 18.100 xal ilə qiymətləndirilib və gimnastlarımız fəxri kürsünün 2-ci pilləsinə yüksəliblər.
Fərdi hərəkətlərdə də mübarizə aparan idmançımız Sara Əlixanlı finalda göstərdiyi performans ilə 17.050 xal qazanaraq siyahıda 8-ci yeri tutub.
Ümumilikdə millimiz Çexiyanın aerobika gimnastikası üzrə 17-ci açıq turnirindən 2 gümüş medalla ayrılıb.
Dünyanın müxtəlif yerlərində fərqli növlər üzrə mübarizə aparan idmançılarımızı qələbə birləşdirir. Yarışlarla bol olan mövsümdə idmançılarımızın çıxışları davam etdiyindən bütün gimnastlarımıza uğurlar arzulayırıq.