İdman

gimnastikadan

başlayır

Naxçıvan şəhərində gimnastika üzrə ilk beynəlxalq turnir uğurla yekunlaşdı

23 sentyabr 2023

Naxçıvan şəhərində gimnastika üzrə ilk beynəlxalq turnir uğurla yekunlaşdı

Azərbaycan Gimnastika Federasiyası daha bir beynəlxalq səviyyəli yarışa uğurla ev sahibliyi etdi. Sentyabrın 21-i və 22-də Naxçıvan şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri bölgədə gimnastika növləri üzrə təşkil olunan ilk beynəlxalq turnir kimi yadda qaldı. Yarışın keçirildiyi məkanda, Naxçıvan Olimpiya İdman Kompleksində Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-dək idmançı çempion adı uğrunda mübarizə apardı.
Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən 20 klubdan gimnastlar da qoşuldular.
Turnirdə idmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında maraqlı, biri-birindən fərqli çıxışlar nümayiş etdirdilər.
Yarışın adı - “Grace of Nature” ("Təbiətin lütfü”) bölgələrimizin özünəməxsus təbiətinin gözəlliyini ifadə edirdi. Qədim tarixə və mədəniyyətə malik Naxçıvanın təbiətindən ilhamlanan gimnastlar maraqlı və rəngarəng çıxışlar nümayiş etdirərək azarkeşlərin qəlbinə yol tapmağa çalışdılar. Yarış məkanında idmançılarımızı dəstəkləməyə gələn tamaşaçıların çoxluğu isə Naxçıvanda gimnastikaya marağı bir daha nümayiş etdirirdi.
Sentyabrın 21-də keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.
Əvvəlcə iştirakçılar səhnəyə dəvət edildi. Komandalar tamaşaçılara təqdim olunduqdan sonra Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş etdirildi.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başa çatdı.
İki gün davam edən yarışda qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşdi.