İdman

gimnastikadan

başlayır

“TeamGym” hakimlərimizin yeni nailiyyəti

18 Avqust 2020

“TeamGym” hakimlərimizin yeni nailiyyəti

Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar.

Avropa Gimnastikasından daxil olmuş məlumata əsasən iyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

Qeyd edək ki, hakimlərimiz bundan öncə 4-cü hakimlik dərəcəsinə sahib idilər. Onlar həmin dərəcəni bu ilin 3-6 yanvar tarixlərində Böyük Britaniyanın Breknel şəhərində keçirilmiş “TeamGym” üzrə hakimlik kurslarının nəticələrinə əsasən əldə etmişdilər.

Hakimlik dərəcələri 1-4-cü səviyyələr arasında müəyyənləşir. 1-ci dərəcə ən yüksək sayılır. Avropa çempionatlarında hakimlik etmək üçün hakimlər 1-3-cü dərəcələrə sahib olmalıdırlar.

Bununla da, yeni hakimlik dərəcəsi ilə İ. İsrafilbəyova və A. Kərimli “TeamGym” üzrə təşkil ediləcək Avropa çempionatlarında çıxışları qiymətləndirmək imkanı qazanan ilk təmsilçilərimiz oldu.

“TeamGym” Avropada yaranmış komanda idman növüdür. Ölkəmizdə bu gimnastika növü 2018-ci ildən etibarən inkişaf etdirilir. Azərbaycan komandası ilk dəfə olaraq 2018-ci ildə Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında iştirak edib. Ötən il isə Bakıda bu növ üzrə yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilib.

Bu növ üzrə Avropa çempionatları iki ildən bir keçirilir. 2020-ci ildə Danimarkada təşkil edilməli olan Avropa çempionatı bütün dünyada yayılmış pandemiya səbəbindən 2021-ci ilin 14-17 aprel tarixlərinə təxirə salınmışdır.