11 fevral 2013
Estoniyanın Tartu şəhərində diktor bu ilin ilk Olimpiya dövrəsində keçirilən Dünya kuboku mərhələsində cənub şəhəri Bakıdan gəlmiş, öz hərarətli çıxışları ilə yerli tamaşaçıları heyran qoyan gimnastları fəxri kürsüyə dəvət edərək 19-cu dəfə məşhur Baltikyanı aksentsiz "Azərbaycan" sözünü tələffüz etdi.
Lalə Yusifova çoxnövçülükdə medal uğrunda mübarizəyə qoşula bilərdi. Lakin gürzlərlə tapşırığı yerinə yetirərkən yol verdiyi səhv onu 6-cı mövqeyə saldı. Lakin artıq finalda o, "bürünc" mükafata tam layiq çıxış etdi və medal podiumuna qalxdı.
İkinci iştirakçımız Marina Durundanın da ünvanına tərifli sözlər söylənilib. Çoxnövçülük də daxil olmaqla, yalnız halqadan başqa, proqram növlərinin hər birində o, Ukrayna-Belarus dueti Qanna Rizatdinova-Melitina Stanyutadan sonra üçüncü yeri tutub.
Amma bayram piroqunun tikəsinə ən şirəli albalı giləsini beynəlxalq "Miss Valentine" yarışında çıxış etmiş yuniorlar qrupu qoydu. Milli komandanın baş məşqçisi Mariana Vasileva bu fikirdədir.
Habelə Avstriyada Avropa çempionatına hazırlaşan Nülufər Niftalıyeva, Gülsüm Şəfizadə, Aleksandra Platonova, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayevanın tərkibində olduqları kollektiv finalda 5 halqa ilə tapşırıqda birinci yeri tutaraq Belarus komandası və xalça sahibini qabaqlayıb.
Avro-2013-də iştiraka iddiaçı olan digər iki fərdi gimnast da çox gözəl çıxış ediblər. Belə ki, Ayşə Mustafayeva halqa və lentlə qalib gəlib, Mənsurə Bağıyeva isə gürzlərlə daha yaxşı çıxış edərək lentlə yarışda ikinci, halqa ilə yarışda isə üçüncü yeri tutub.
Yuniorların çıxışı da sevindirici oldu. Jalə Piriyeva (2000-ci il təvəllüdlü) üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı (halqa, top, gürzlər), bir dəfə lentlə üçüncü oldu. Onun həmyaşıdı Züleyxa İsmayılova halqa və lent ilə yalnız ikinci ola bildi, beynəlxalq arenada ilk dəfə çıxış edən Veronika Ömərova (1999-cu il) iki – halqa ilə "qızıl", topla yarışda isə "bürünc" medal qazanıb.
"Hesab edirəm ki, qızlar özlərinin yeni proqramları ilə xoş təəssürat yaradıblar və hətta bir çox mürəkkəb elementlər nümayiş etdirməyə risk ediblər. Növbədə Macarıstan turniridir. Bizim orada da uğurlu nəticələr gözləməyə haqqımız var", baş məşqçi bildirib.