İdman

gimnastikadan

başlayır

Dünya kuboku Paris-2024-ə lisenziya xalları qazandıracaq

22 fevral 2024

Dünya kuboku Paris-2024-ə lisenziya xalları qazandıracaq

İdmançıların böyük səbirsizliklə gözlədikləri Paris-2024 Yay Olimpiya Oyunları yaxınlaşır. Atletlər öz yüksək bacarıqlarını Parisdə nümayiş etdirmək üçün, ilk növbədə, Olimpiya vəsiqələrinə sahib olmalıdırlar. Məlum olduğu kimi, sabah Azərbaycanda gimnastika üzrə ilin ilk beynəlxalq yarışına, batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna start veriləcək. Məhz bu yarış batut gimnastikası üzrə fərdi növdə Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. 
Qeyd edək ki, Parisdə keçiriləcək batut üzrə yarışlarda ümumilikdə 32 idmançı  (16 kişi və 16 qadın) Olimpiya çempionluğu uğrunda mübarizə aparacaq. Ötən il Böyük Britaniyanın Birminqem şəhərində keçirilən dünya çempionatında kişilər və qadınlar arasında yalnız beş ölkənin təmsilçiləri Paris-2024 Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Bakıda keçiriləcək Dünya kuboku iki ili əhatə edən Olimpiya təsnifat yarışlarından biri olacaq. Keçən il Koimbrada (Portuqaliya) keçirilən Dünya kubokunun davamı olaraq idmançılar burada da Olimpiadaya lisenziya xalları qazana biləcəklər.  
Olimpiya reytinq cədvəli hər bir gimnastın beş təsnifat yarışında göstərdiyi iki ən yaxşı çıxışına əsasən müəyyənləşəcək. Həlledici təsnifat siyahısında kişilər və qadınlar arasında yalnız üç ən yüksək reytinqə malik idmançı, Paris 2024-də öz ölkəsi üçün ikinci kvota yerinə iddia etmək hüququna malik olacaq. Bir şərtlə ki, müvafiq ölkə nümayəndəsi 2023-cü ilin dünya çempionatında artıq lisenziya qazanmış olsun. 
Batut gimnastikası üzrə Dünya kuboku batut təqvimində bütün yarışlar arasında Paris-2024-ə ən çox lisenziya yeri qazandıran yarış hesab olunur. 
22-24 mart tarixlərində Kottbusda (GER) keçiriləcək batut gimnastikası üzrə Dünya kuboku Olimpiya təsnifat xalları qazanmaq üçün son şans olacaq.
Dünya kubokları vasitəsilə lisenziya qazana bilməyən qitələr qarşıdakı qitə çempionatlarında Olimpiadaya vəsiqə əldə etmək şansı qazanacaqlar. Qeyd edək ki, indiyədək yalnız Çin Xalq Respublikası və Böyük Britaniyanın təmsilçiləri Paris-2024-ə  həm kişilər, həm də qadınlar arasında vəsiqə qazanıblar. 
Bu barədə ətraflı məlumatı Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytından əldə edə bilərsiniz.

https://www.gymnastics.sport/site/news/displaynews.php?urlNews=4107203