İdman

gimnastikadan

başlayır

MASALLI OLİMPİYA KOMPLEKSİNDƏ GİMNASTİKANIN OLİMPİYA BAYRAMI

08 avqust 2008

MASALLI OLİMPİYA KOMPLEKSİNDƏ GİMNASTİKANIN OLİMPİYA BAYRAMI

Masallıda hələ belə bir şou görünməmişdi. Avqust ayının 7-də ölkənin bu cənub şəhərində Azərbaycan Gimnastika Federasiyası və Masallı idman kompleksi tərəfindən qeyri-adi bir şou təşkil olunmuşdur.

Məlum olduğu kimi, qrup hərəkətləri üzrə komanda Pekin Olimpiya oyunlarına yola düşməmişdən əvvəl, Masallı kompleksində sonuncu təlim-məşq toplanışını keçirir.

Bu şounun qeyri-adiliyi ondan ibarətdir ki, kollektivin məşqçiləri idman zalında toplaşmış 350 nəfərin qarşısında yoxlama məşqi keçirmişlər. Qeyd edək ki, tamaşaçıların arasında Masallı icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev də var idi. Komandanın rəhbərləri Mariana Vasileva və Natalya Nərimanova Masallıdakı çıxışları Pekindəki çıxışlara maksimal dərəcədə yaxınlaşdırmağa çalışmışlar: həftənin günü və çıxışın vaxtı qrupun Olimpiadada xalça üzərinə çıxacağı gün və vaxt ilə tam üst-üstə düşmüşdür.

Kompleksin direktoru Manaf Nadirov hesab edir ki, Masallı sakinləri sözün əsl mənasında fəxr edə bilərlər: qrup komandasının yeni və ən başlıcası Olimpiyadada nümayiş etdirəcək hərəkətləri və ölkənin milli yığma komandasının üzvü Leyla Şamilovanın nümunəvi çıxışlarını planetdə ilk olaraq onlar izləmişlər. Tamaşaçılar üç rəngli bayrağımızı dalğalandırmaqla və ucadan “Azərbaycan” söyləməklə və gimnastlara sürəkli alqışlar bəxş etməklə zalda həqiqətən Olimpiya abu-havası yaratmışdılar.

- Biz yoxlama çıxışlarını məhz bu gün və bu vaxtda keçirtdik ki, gimnastlar gələcək Olimpiya yarışlarının abu-havasını dərindən hiss edə bilsinlər və psixoloji cəhətdən də hazır olsunlar. Dəstəyə görə öz minnətdarlığımızı bildiririk, biz, məşqçilər və zalda toplaşan tamaşaçılar çalışdıq ki, cənubi Masallının vasitəsilə onlara şərqi Pekinin nəfəsini ötürək”, deyə, M.Vasileva bildirdi.

Öz növbəsində Masallı icra hakimiyyətinin başçısı Q.Ağayev komandanın bütün gimnastlarına, məşqçiləri və tibbi heyətinə unudulmaz çıxışlara görə öz təşəkkürünü bildirdi və onlara Çində uğurlu çıxışlar arzu etdi. O, həmçinin, bədii gimnastika üzrə çıxışların Azərbaycanın cənub regionunda bu idman növünün populyarlaşmasına xidmət edəcəyinə əmin olduğunu bildirdi.