İdman

gimnastikadan

başlayır

DÜNYA KUBOKU VƏ BEYNƏLXALQ TURNİRİNDƏN BİR QIZIL VƏ ÜÇ BÜRÜNC MEDAL

02 may 2011

DÜNYA KUBOKU VƏ BEYNƏLXALQ TURNİRİNDƏN BİR QIZIL VƏ ÜÇ BÜRÜNC MEDAL

Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində başa çatan Dünya kubokunun bürünc mükafatçısı olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, yarışların son günü ayrı-ayrı finallar olub. Qarayeva halqa ilə hərəkətlərdə 27.825 bal ilə üçüncü yeri tutub. Onu iki rusiyalı - Yevgeniya Kanayeva və Darya Kondakova qabaqlayıblar.

Digər növlərə gəldikdə, Aliyə gürzlərlə beşinci, topla altıncı, lentlə hərəkətlərdə isə yeddinci yeri tutub. Çoxnövçülükdə çıxışların yekunları üzrə Azərbaycan yığmasının lideri dördüncü yeri tutaraq yalnız D. Kondakova, Y. Kanayeva və D. Dmitriyevadan (hamısı - Rusiya) ibarət üçlüyə məğlub olub.

Digər Azərbaycan gimnastı Anna Qurbanova çoxnövçülükdə 50 iştirakçı arasında 23-cü olub. Ölkəmizin yeniyetmə gimnastları da pis çıxış etmirlər. Belə ki, Moskva vilayətinin Şerbinka şəhərində beynəlxalq turnirdə gimnastlarımız 3 medal qazanıblar.

Baş mükafatı çoxnövcülükdə öz həmyaşıdlarının hamısına qalib gələn 10 yaşlı Zöhrə Ağamirova qazanıb. Ləman Göyüşova (2000-ci il təvəllüdlü) və Zərniyar Əliyeva (2004) bu yarışların bürünc mükafatçıları olub.

Bu həftənin sonunda (mayın 6-9-da) həm fərdi gimnastlar, həm də qrup komandaları üçün Dünya kubokunun növbəti mərhələsi Kiyevdə keçiriləcək. Qəhrəman şəhərdə Anna Qurbanova və Zeynəb Cavadlı, Ceyla Quliyeva, Ayelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Yevgeniya Jidkova və Stefani Trayanovadan ibarət qrup kollektivi, eləcə də yeniyetmələr arasında beynəlxalq turnirdə Ləman Hacızadə və Gülsüm Şəfizadə çıxış edəcəklər.