27 mart 2013
Azərbaycanlı gənc gimnastlar Polşanın Qdansk şəhərində keçirilən "Baltika Kuboku" beynəlxalq turnirində 5 mümkün mükafatdan 5 qızıl mükafat qazanıblar!
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 5 qızıl medaldan 3-nü 13 yaşlı bakılı idmançı Züleyxa İsmayılova qazanıb. O, əvvəlcə özünü gürzlər və lentlə olan hərəkətlərdə yaxşı göstərib və çoxnövçülük üzrə qalib olub.
Fərdi çıxışlarla yanaşı ölkənin yeniyetmə gimnastlarından təşkil olunan qrup komanda da çıxış edib. Kollektivinin əsas məqsədi 31 may - 2 iyun tarixlərində Avstriyada keçiriləcək Avropa çempionatına hazırlıqdır. Nülufər Niftalıyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aynur Mustafayeva və Emiliya Bağıyeva həm çoxnövçülükdə, həm də finalda ilk pilləni qazanıblar.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, hər bir turnirlə qızların özlərinə inamı artır və onların çıxışlarında inkişaf müşahidə olunur. "Hesab edirəm ki, həftəsonu Tyedəki Qran-pridə və aprelin əvvəlində Lissabonda keçiriləcək Dünya kubokunda da tamaşaçılar onları səmimi qəbul edəcəklər", o bildirib.