07 oktyabr 2018
6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunub.
Yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, həmçinin Bolqarıstan, Rusiya, Qazaxıstan və Ukraynadan gələn gimnastlarla birlikdə 200-dən çox gimnast öz qüvvəsini sınayıb.
İdmançılar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Rəqabət və həyəcanın yüksəkdə olduğu turnirdə fəxri kürsünü yerli gimnastlarımız, qonşu dövlətlərin təmsilçiləri ilə bölüşüblər. Mükafatçılar sırasında üstünlüyü, məhz elə turnirə ən böyük heyətlə qatılmış Rusiya komandası əldə edib.
Çıxışlar boyunca zal tamaşaçıların aktivliyi ilə də diqqətləri cəlb edib. Öz gimnastlarını dəstəkləmək üçün ölkəmizə təşrif buyurmuş xarici qonaqlar, o cümlədən yerli izləyicilər iki gün ərzində idmançıların rəngarəng çıxışlarını alqışları ilə müşaiyət ediblər.
Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/177 tanış ola bilərsiniz.