18 fevral 2016
18 fevral tarixində Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin istiqamətləndirici iclası keçirilib.
İclasda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq, onlara yarışlarda uğurlar arzulayıb və ölkələrin iştirakını yoxlamaq məqsədilə siyahıya nəzər salıb.
A.Həsənov salamlama çıxışında qeyd edib ki, bu, Bakıda idman gimnastikası üzrə ilk Dünya Kubokudur, belə ki, bu vaxtda qədər bu növ yarışlar bədii gimnastika üzrə keçirilib.
Həmçinin, görüş zamanı FIG-nin (Beynəlxalq Gimnastika Federasiyası) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Nelli Kim və FIG-nin Kişi İdman Gimnastikası üzrə Texniki Komitəsinin üzvü Holqer Albrext çıxış etdilər. Onlar yarışlara hazırlığın yüksək səviyyədə olduğunu vurğuladılar.
N.Kim qeyd edib ki, növbəti ildən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq və Bakı həmin yarışların keçirilmə məkanlarından birinə çevrilə bilər. Burada bütün lazımi şərait və obyektlər Olimpiya standartlarına uyğun gəlir.
“Trend” İnformasiya Agentliyi, 18 fevral 2016-cı il