18 fevral 2018
Ötən həftəsonu, gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak etmişlər.
15-17 fevral tarixlərində Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup” adlı beynəlxalq turnir keçirilib.
11-16 yaşlı gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz ölkəmizi bu yarışda təmsil edərək qızıl medal qazanmışdır. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26.800 xal toplayaraq, rəqiblərini geridə qoymağı bacarıb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25.850 xalla Portuqaliya və 23.800 xalla Böyük Britaniya təmsilçiləri qərarlaşmışdır.
Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qadın qrupumuz isə yeniyetmələrin final yarışlarında 12-ci yerdə qərarlaşıb.
Pursda eyni tarixlərdə keçirilmiş ilin ilk Dünya Kubokunda Azərbaycan 1 kişi və 2 qarışıq cütlüklə təmsil olundu.
Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü, eləcə də Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümuz yarışların finalında 7-ci yeri tutdu.
Ötən həftəsonu, həmçinin Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları da keçirilmişdir.
Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. Zöhrə çoxnövçülük yarışlarında hakimlərdən 53.000 xal toplayaraq, 22-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, 15 fevral tarixində Moskvada keçirilmiş Gənclər arasında Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlarda təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq məhz bu oyunlara lisenziyanı əldə edib.