İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız vətənə medallarla qayıdır

19 iyun 2017

İdman gimnastlarımız vətənə medallarla qayıdır

Macarıstanın paytaxtında təşkil edilmiş idman gimnastikası üzrə “Budapest Cup” yarışı sona çatıb.

12 ölkənin iştirak etdiyi turnirdə Azərbaycanın yeniyetmə kişi gimnastları da yer alıb.  1999-2000-ci il təvəllüdlü gimnastların qrupunda çıxış etmiş idmançımız Sərvər Əliyev çoxnövçülükdə yalnız Macarıstanlı rəqibindən geri qalaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. O, ayrı-ayrı alətlər üzrə finallarda da uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, halqalarda bürünc, parallel qollarda isə gümüş medal əldə edib. Eyni qrupda yer alan digər təmsilçimiz Cavidan Babayev isə ən yaxşı nəticəni halqalarda və dayaqlı tullanma hərəkətlərində göstərərək, hər iki finalda 4-cü yerdə qərarlaşıb.

2001-2002-ci il təvəllüdlü gimnastların qrupunda isə ölkəmizi Sergey Onbış, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil ediblər. Sergey çöxnövçülük yarışında gümüş medal qazanıb.  Ayrı-ayrı alətlər üzrə həlledici mərhələlərdə Ağamurad və Sergey sərbəst hərəkətlərdə müvafiq olaraq 1-ci və 2-ci yerləri öz aralarında bölüşüblər. Sergey həmçinin, dayaqla tullanma hərəkətlərində qızıl medal əldə edib. Parallel qollardakı çıxışı ona gümüş medal,  turnikdəki çıxışı isə bürünc medal qazandırıb.

Eyni yaş qrupundakı digər təmsilçimiz Səməd Məmmədli ən yaxşı çıxışını parallel qollarda nümayiş etdirərək, 4-cü yerdə qərarlaşıb.

Yarışlarda çıxış edən ən azyaşlı gimastımız Mənsum Səfərov olub. 2003-2004-cü il təvəllüdlü gimnastlar qrupunda çıxış edən idmançımız ən yaxşı nəticəsini sərbəst hərəkətlərdə göstərərək, 5-ci yerdə qərarlaşıb.