02 aprel 2012
Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye şəhərciyində keçirilən Qran-prininin ikinci mərhələsinin gümüş mükafatçısı olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir ki, milli komandanın lideri finalda lentlə hərəkətlərdə ikinci yeri tutub. Yeganə medal rusiyalı gimnastlarla mübarizədə qazanılıb. Xarici mütəxəssislərin fikrincə, əgər fəxri kürsüyə ancaq rusiyalı idmançıların çıxması faktını nəzərə alsaq, Qarayeva faktiki olaraq, çoxnövçülükdə də ikinci nəticə göstərib.
Ölkənin Qran-pridəki ikinci iştirakçısı - qrup komandasının bəxti daha az gətirib. Hakimlər qrup komandasını çoxnövçülüyün təsnifat mərhələsində 11-ci yerə layiq görüblər ki, bu da ona bazar günü keçirilən finallarda iştirak etməyə imkan verməyib. Milli yığmanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, qızlar ruhdan düşmürlər və aprelin 13-15-də Pesaroda (İtaliya) keçiriləcək Dünya kuboku mərhələsində uğurlu çıxışa ümid edirlər.
Yeniyetmə gimnastlara gəlincə, onlar Alina Kabayeva Xeyriyyə Fondunun təşkilatçılığı ilə Nijnekamskda keçirilən "Alina-2012" beynəlxalq festivalının seçmə mərhələsində çıxış ediblər. "Kuklalar" adlı nümunəvi çıxışdan başqa, gimnastlar şəxsi göstəricilərlə də sevindiriblər.
Belə ki, 12 yaşlı Jalə Piriyeva öz həmyaşıdlarının hamısını qabaqlayıb, Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) ikinci yerə çıxıb, 15 yaşlı Mənsurə Bağıyeva isə öz yaş kateqoriyasında ilk üçlüyü tamamlayıb.