11 may 2010
Korbel-Essonda (Fransa) Veronik Kristoffi mükafatı uğrunda bədii gimnastika üzrə Dünya kuboku başa çatıb.
Yarışların sonuncu günündə dörd ayrı-ayrı final üzrə medallar oynanılıb. Azərbaycan gimnastı Anna Qurbanova onlardan üçü üzrə çıxış etmək hüququnu əldə edib. O, topla daha uğurla çıxış nümayiş etdirib, 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Qurbanova hakimlərdən 27.25 xal alıb. İlk iki yeri bolqar Silviya Miteva və belarus Anna Rabtsova tutub. Anna lentlə dördüncü, halqa ilə və çoxnövçülükdə 7-ci nəticəni əldə edib.
Digər gimnastımız Samirə Mustafayeva 95.3 xal toplayaraq, 54 iştirakçı arasında çoxnövçülükdə 29-cu yeri tutub.
Növbəti yarış İspaniyanın Marbelya şəhərində keçiriləcək. Mayın 15-16-da orada Qran-pri turniri təşkil olunacaq. Azərbaycanı Anna Qurbanova Aliyə Qarayeva ilə təmsil edəcəklər.