08 mart 2020
7-8 mart tarixlərində Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 1-ci “AGF Junior Trophy” adlı ilk beynəlxalq turnir təşkil edildi.
Bu yarışda ölkəmizi Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Ağakazım Rüstəmov və Rəsul Əhmədzadə təmsil etdi.
Komandamız doğma divarlar arasında keçirilmiş bu turnirdə millimizin hesabına 2 gümüş və 1 bürünc medal yazdırdı. Yarışın elə ilk günü gimnastlarımız komanda hesabında bürünc medal qazanmağa nail oldu.
8 Mart – Beynəlxalq Qadınlar Günündə keçirilmiş ayrı-ayrı alətlər üzrə final mərhələsində isə Mənsum Səfərov 2 gümüş medal qazanaraq, gimnastika ictimaiyyətinin və gimnastika azarkeşlərinin xanım nümayəndələrini öz nəticəsi ilə təbrik etmiş oldu. O, sərbəst hərəkətlər və halqalarda çıxışına görə fəxri kürsünün ikinci pilləsinə yüksəldi, dayaqlı tullanma alətində və turnikdə çıxışlarına görə isə medalın bir addımlığında dayandı.
Digər təmsilçilərimiz - Əhmədzadə Rəsul dəstəli atda 8-ci, paralel qollarda 4-cü, turnikdə 5-ci, Ramin Dəmirov halqalarda 6-cı, dayaqlı tullanma alətində 5-ci, paralel qollarda 7-ci və Anar Həsənov sərbəst hərəkətlərdə 8-ci oldu.