12 dekabr 2019
23-25 noyabr tarixlərində İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyanın (FIG) inkişaf etdirdiyi gimnastika növləri arasına yeni daxil olmuş Parkur üzrə beynəlxalq hakimlik kursları təşkil edilib.
Bu kurslarda iştirak etmiş Azərbaycan təmsilçisi Əli Mərdanov imtahanları müvəffəqiyyətlə keçərək, 3-cü hakimlik dərəcəsi alıb.
Kurslar Parkurun həm “Speed Run”, həm də “Freestyle” proqramında keçirilib. Təmsilçimiz hər iki proqram üzrə uğurlu nəticə göstərib.
Əli Mərdanovun əldə etdiyi hakimlik dərəcəsi 2020-2024-cü illər ərzində etibarlı olacaqdır.
Azərbaycan Gimnastika Federasiyası gimnastika növləri arasına yeni daxil olmuş bu növü ölkəmizdə inkişaf etdirir.
Xatırladaq ki, ötən ilin dekabr ayında Bakıda keçirilmiş FIG-nin Ali konqresində alınmış qərara əsasən, Parkur idman növü rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilmişdir. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilmişdir.
Azərbaycan təmsilçiləri isə ilk dəfə olaraq cari ilin 31 may – 2 iyun tarixlərində Fransanın Monpelye şəhərində keçirilmiş Parkur üzrə Dünya Kubokunda iştirak ediblər.