30 sentyabr 2018
Ötən həftəsonu gimnastika növləri üzrə milli komandalarımızın üzvləri Dünya Kuboku və beynəlxalq turnirdə iştirak ediblər.
Belə ki, kişi və qadın idman gimnastikası üzrə yığmamızın üzvləri Parisdə (Fransa) “Challenge” seriyasına aid Dünya Kubokunda öz güclərini sınayıblar. Qadınların mübarizəsində dayaqlı tullanma hərəkətlərinə görə final mərhələsinə vəsiqə qazanan idmançımız Marina Nekrasova 12.325 xalla sıralamada 7-ci olub. Kişi idman gimnastlarından təmsilçimiz Dariy Morozov isə dəstəli atda final çıxışı ilə 8-ci yerdə qərarlaşıb.
Bədii gimnastika üzrə isə yığma komandamızın yeniyetmə gimnastları Yelizaveta Luzan, Məryam Səfərova və Fatimə Əkbərova Daşkənddə (Özbəkistan) təşkil olunmuş “Happy Caravan” yarışında ölkəmizi təmsil ediblər. Qızlarımızdan ən yaxşı nəticəni Luzan göstərib. Final mərhələsində gimnastımız lent ilə çıxışına görə hakimlərdən 13.050 xal alaraq, 7-ci olub.