İdman

gimnastikadan

başlayır

Batutçularımız “Açıq Slavyan Oyunları”nı medallarla başa vurdu

19 avqust 2017

Batutçularımız “Açıq Slavyan Oyunları”nı medallarla başa vurdu

17-18 avqust tarixlərində Minskdə (Belarus) batut gimnastikası üzrə “Slavyan Oyunları” keçirilib. Azərbaycan gimnastlarının da iştirak etdiyi yarışlarda 11 ölkənin təmsilçiləri 11-12, 13-14, 15-16, 17 və daha böyük yaş kateqoriyasında çıxış ediblər.

Batutçularımız həm sinxron, həm də fərdi proqramda hesaba medal yazdırmağa müvəffəq olublar. Belə ki, Oleq Piunov-İlya Qrişunin cütlüyü sinxron proqramda yalnız ev sahibi komandasından geri qalıb. Kişi cütlüyümüz 49.765 xalla gümüş medal əldə edib. İlya fərdi proqramda da uğurlu çıxış nümayiş etdirərək, həlledici mərhələdə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramda medal qazana bilməsələrdə (5-ci yer), Veronika fərdi proqramda ilk üçlükdə yer alaraq, şəxsi hesabına bürünc medalı daxil edib.

Heyətimizdə yer alan ən gənc batutçumuz Selcan Mahsudovanın bu oyunlardakı çıxışını isə komandamız üçün ən yaddaqalan hesab etmək olar. Belə ki, fərdi proqramda gənclər arasında mübarizəyə qatılan gimnastımızın yetəri qədər özünə inamlı çıxışlar nümayiş etdirməsi ona beynəlxalq arenada ilk medalını qazandırıb. Selcan 50.290 xalla, turnirin bürünc mükafatına layiq görülüb.