İdman

gimnastikadan

başlayır

Paytaxtımızda 67 ölkədən 300-dək gimnast mübarizəyə qoşulub

07 mart 2024

Paytaxtımızda 67 ölkədən 300-dək gimnast mübarizəyə qoşulub

Dünya kubokunun ilk günündə keçirilən təsnifat mərhələsi çərçivəsində kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim ediblər. Qadın idman gimnastları isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətləri icra ediblər.
Azərbaycanın 6 təmsilçisi yarışın ilk günündə qüvvəsini sınayıb. Əsas medal ümidlərimizdən olan təcrübəli idmançımız Nikita Simonov halqalarda çıxış edib. İdmançımız 14.133 xalla təsnifat mərhələsini 9-cu pillədə başa vurub. Təəssüf ki, idmançımızın xalı final mərhələsinə adlamaq üçün yetərli olmayıb.
Ötən ildən etibarən böyüklər arasında yarışlarda çıxış etməyə başlayan gənc gimnastımız Nazənin Teymurova 12.549 xalla dayaqlı tullanmada 13-cü yerdə qərarlaşıb.  
Paralel qollarda İvan Tixonov 17-ci (13.866), Rəsul Əhmədzadə (11.133) 44-cü yeri tutub.
Sərbəst hərəkətlərdə təmsilçilərimiz Mənsum Səfərov 38-ci, Murad Ağarzayev 48-ci pillədə qərarlaşıblar.
Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya kubokunda 67 ölkədən 300-dək idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Sabah keçiriləcək təsnifat mərhələsində kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə qüvvələrini sınayacaqlar.