15 fevral 2025
Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib. Ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasının köməkçi zalında “Batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi” yarışı keçirilib.
İki gün ərzində müxtəlif yaş kateqoriyalarında idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə yarışlarda gimnastlar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında fərdi və sinxron proqramlar üzrə çıxış ediblər.
Tamblinq yarışlarında isə iştirakçılar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə performanslarını sərgiləyiblər.
Bəzi iştirakçılar üçün bu yarış 22 və 23 fevral tarixlərində Bakıda keçiriləcək “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku”na hazırlıq baxımından əhəmiyyətli olub. Xüsusilə, Selcan Mahsudova və Əli Niftəliyev ilk dəfə olaraq qarışıq sinxron proqramda çıxış edərək Dünya kuboku üçün özlərini hazırlayıblar. Şəfiqə Hümbətova və Nicat Mirzəyev də qarışıq sinxron proqram üzrə yarışıblar. Məhz bu cütlüklər Azərbaycan tarixində ilk dəfə qarışıq sinxron proqram üzrə Dünya kubokunda iştirak edəcəklər.
Tamblinq üzrə milli yarış da maraqlı keçib. Böyüklər yaş kateqoriyasında əsas favoritlər olan Tofiq Əliyev və Adil Hacızadəyə Elnur Məmmədov, Aleksey Karataşov və Hüseyn Əsədullayev ciddi rəqib olublar. 22 və 23 fevral tarixlərində keçiriləcək Dünya kubokunda Azərbaycanı beynəlxalq arenada Tofiq və Adillə yanaşı, Aleksey və Hüseyn də təmsil edəcək.
Bir sözlə, yerli yarışlar mövsümünün ilk startı uğurla başa çatıb.
Qalibləri və bütün iştirakçıları bu həyəcanlı və maraqlı başlanğıc münasibətilə təbrik edirik!
Yarış nəticələri ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz
https://agf.az/az/competitions/batut-gimnastikasi-uzre-9-cu--138629