31 iyul 2008
30 iyul tarixində XXIX Pekin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yola salma mərasimi keçirilmişdir.
Onları yola salarkən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev ölkəmizin müstəqil ölkə kimi Olimpiya Oyunlarında artıq dördüncü dəfə iştirak edəcəyini qeyd etdi. O, milli komandanın Pekində uğurla iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.
“Hesab edirəm ki, bütün görülən tədbirlərin sayəsində, biz Pekin Olimpiadasında yaxşı nəticə göstərməliyik”, deyə, o, bildirdi.
Ölkə başçısı qeyd etdi ki, əldə olunmuş nəticələrdən asılı olmayaraq, Olimpiadada iştirak etmək – hər bir idmançının həyatında tarixi bir hadisədir. “Bununla belə, mən sizi qələbəyə çağırıram. Siz bilməlisiniz ki, Azərbaycanın bütün vətənpərvər vətəndaşları həmin Oyunları izləyəcək və qələbələrinizi gözləyəcəklər! Axı idmançıları qələbəyə çağıran, onları qələbəyə aparan əsas amil – Vətənə sevgi, vətənpərvərlik ruhu və Azərbaycançılıq fəlsəfəsidir”, deyə, İlham Əliyev yekunlaşdırdı.
AzərTAc